21 
Apr
2013
17:30
7
1
31108
Virtual karabakh

Bakı məktəblərində siqaret problemi

21 Apr, 2013
17:30
31108

Bakı məktəblərində siqaret problemi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son məlumatlara əsasən, orta məktəblərdə siqaret çəkən qızların sayı artıb.

Bu günlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda 13-14 yaşlı məktəblilər arasında siqaret çəkənlərin sayı ildən-ilə artır.

Nazirlik rəsmisi bu nəticələrin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə məktəblərdə aparılan araşdırma nəticəsində məlum olduğunu bildirib. C.Məmmədovun sözlərinə görə, 2005-ci ildə ÜST Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasını qəbul edib. Azərbaycanda tütünlə mübarizə istiqamətində görülən işlər mövcud konvensiyaya uyğun həyata keçirilir.

Qeyd edək ki, orta məktəblərdə nəinki oğlan, qız şagirdlər arasında da siqaret çəkənlərin sayı artıb.

Problemlə bağlı Bakıdakı orta məktəblərdən birinin direktoru ilə söhbət etdik. Onun bildirdiyinə görə, məktəblərdə siqaret çəkilməməsi ilə əlaqədar hər hansı inzibati cəza metodu yoxdur:

“Hamı məktəbi günahlandırır. Amma məktəbin əlində hər hansı bir inzibati rıçaq yoxdur. Belə halda şagirdi məktəbdən çıxarmaq məsələnin həlli yolu deyil. Şagirdi vurmaq, döymək, söymək olmaz! Belə hal müşahidə etdikdə valideyni çağırıb söhbət edirik, uşaqla söhbət edib siqaretin zərərindən danışırıq. Mən vaxtilə siqaret çəkən adam kimi bilirəm ki, siqaret elə bir vərdişdir ki, onu zorla tərgitmək mümkün deyil. Şüurlu şəkildə uşağa aşılanmalıdır ki, o bu zərəri dərk etsin. Deməli, bu məsələdə məktəblə valideyn əlbir olmalıdır”.

Məktəb rəhbəri deyib ki, hazırda məktəblərdə siqaret çəkmək qadağandır:

“Ümumiyyətlə, məktəbdə siqaret çəkmək qadağandır. Ələlxüsus şagirdlərin yanında siqaret çəkmək pedaqoji etikaya sığmır. Uşaqlara siqaret çəkmə deyib, şagirdin gözü qarşısında siqaret çəkmək hansı məntiqə sığar? Bizim məktəbdə siqaret çəkmək üçün yer yoxdur. Digər tərəfdən, bu gün məktəbdə təhsilin bir nömrəli problemi odur ki, kişi müəllimi azdır. Bizim məktəbin 80 müəllimindən 3-ü kişidir. Uşaq evdə anadan, məktəbdə qadın müəllimdən tərbiyə alsa, kişi zəhmi görməsə, siqaret də çəkər, başqa zərərli vərdişə də aludə olar. Ona görə də oğlanlar ya qızbibi kimi böyüyür, ya da ipə-sapa yatmır”.

Direktor bildirib ki, siqaretlə bağlı hər il ciddi təbliğat xarakterli maarifləndirmə tədbirləri aparılır. Hazırda Bakıdakı orta məktəblərdə ardıcıl olaraq “Zərərli vərdişlərə yox deyək!” kampaniyası keçirilir.

www.teleqraf.com 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri